FaktXeber.Info
Ana Səhifə Texnoloqiya İqtisadiyyat Karikatura Sağlamlıq Müsahibə Gündəm Yazarlar Siyasət Hadisə Dünya Təhsil İdman Foto Video
Şəhərin mərkəzində mitinq keçirildi
Şəhərin mərkəzində mitinq keçirildi
Zamirə Hacıyeva Azərbaycana təslim edilməyəcək
Zamirə Hacıyeva Azərbaycana təslim edilməyəcək
Avropa Məhkəməsi hakimiyyəti yenə cərimələdi
Avropa Məhkəməsi hakimiyyəti yenə cərimələdi
Adil İsmayılovun vəkilliyi bərpa olundu
Adil İsmayılovun vəkilliyi bərpa olundu
Xəbərlər>Yazarlar
8-02-2017, 13:17

24 il, bir gün, bir an

24 il, bir gün, bir an

Xaliq Bahadır

Bugünlərdə Əliyevlərin 24 illik Qarabağ siyasətinin (çoxillik “dinc sülh danışıqları” nın) gizlinini ortaya çıxaran olduqca önəmli olay baş verdi. Hələ-hələ unudulmayacaq bir olay. Anar Həsənov adlı tanımadığımız (çoxları kimi mən də onu tanımırdım) jurnalist 24 illik yalançı, başaldadıcı Qarabağ danışıqları ilə bağlı gerçəyi BİR SORUYLA açıb ortaya qoydu. Rejimin tapşırığı ilə Anara qarşı geniş kompromat kampaniyası başladı. Turan İA-nın direktoru, Milli Şura üyəsi Mehman Əliyev də Eynulla Fətullayev, Rauf Arifoğlu… xorunda önəmli rol alanlardan oldu. Bütün müxalifət kimi Milli Şura da susdu, susur…

***
17 yanvar 2017-ci il. Moskva. Rusiya Xarici işlər nazirliyində basın toplantısı. Jurnalistlərin protokol soruları. Bir-birindən ütülü, şablon-standart sorulara Rusiya XİN-in çoxillik başçısı S.Lavrovun oxşar, şablon-standart cavabları. O soruların da, onlara verilən cavabların da yaşı 30-a (otuz!) çatır. Xalqı (xalqları) aldatmağa yönəlik sürtük Protokol soruları! Moskvada yaşayan azərbaycanlı jurnalist birdən qalxıb, çox ola bilsin, o auditoriyada kimsəni düşündürməyən, kimsənin gözləmədiyi bir soruda bulunur. Rusiyanın professional diplomatlarından sayılan Lavrov soruya arxayınlıqla qarşılıq verir.
Lider TV-nin Moskva əməkdaşı Anar Həsənov soruşur: “Azərbaycan antiterror əməliyyatlarına- işğal olunmuş əraziləri işğalçılardan təmizləməyə başlasa, Moskva nə edəcək: buna göz yumacaq, yoxsa Azərbaycanın iç işlərinə qarışacaq?”
S.Lavrov bildirir: “Dağlıq Qarabağ ərazisində güc əməliyatlarının və döyüş hərəkətlərinin keçirilməsi Azərbaycanın iç işi deyil”. (İkili standart buna deyərlər: işğal edilmiş Krımı Rusiya imperializmi özünün iç işi sayır, Azərbaycanın bölünməz parçası olan Dağlıq Qarabağ üzərində bizim suveren hüquqlarımızı tanımır).
Anar Həsənovun sorusu bir jurnalistin sorusu olaraq ortaya çıxmamışdı: istər Azərbaycanda, iastərsə də Azərbaycandan qıraqda yaşayan bütün azərbaycanlılar üçün bu, olduğqca önəmli, düşündürücü sorudur. Başqa cür ola da bilməz: “Azərbaycan prezidenti-ali baş komandan” adını daşıyan İ.Əliyev illərdir Azərbaycanın regionda ən güclü dövlət olduğunu, Azərbaycan ordusunun az qala dünyanın ən güclü ordularından olduğunu bildirir, istəsək, Xankəndi nədi, “tarixi torpaqlarımızı” – İrəvanı da tezliklə, çox asanlılqla ala biləcəyimizi söyləyir. Başqaları bir yana, İ.Əliyevə çox inananlar da Qarabağla bağlı onun dediklərinə inamsız yanaşırlar. Nədən? Hamı yaxşı bilir: 200 (iki yüz!) ildən bu yana Azərbaycan xalqını qıran, Azərbaycan coğrafiyasını qarış-qarış ələ keçirən erməni terrorizminin, qaniçən erməni faşizminin arxasında birbaşa Rusiya imperiyası dayanır! Bir daha vurğulamaq gərəkir: bunu hamı bildiyi üçün Rusiyaya bütünlüklə bağlı bir hakimiyətin (Əliyevlər hakimiyəti) Qarabağı geri qaytaracağına, daha çox da savaş yoluyla qaytaracağına çoxları inanmır, ən azı quşqu ilə yanaşır.
Başqa bir yandan, işğalçı dövlətin- Rusiyanın bəlli erməniyönlü dövlətlərlə birgə uzun illərdən bəri başında durduğu çoxsaylı “dinc barış danışıqlarının” uğurlu sonuca varacağına da daha inam qalmayıb. Anarın bəlli sorusu belə bir dönəmdə verilmişdi. Hamını (bütün Azərbaycan xalqını) çox düşündürdüyündən bu soru bir az gec, bir az tez haralardasa ortaya çıxacaqdı – ürəyi deşən bir söz təki!

Sosial şəbəkə faktoru

Sosial şəbəkəni təpkilər bürüdü. Rusiya XİN sözçüsü Zaxarovanın təpkilərə reaksiyası belə oldu: “Nazir nə gərəksə, onu deyib”. Bu reaksiyanın özünün də təpkilər doğurduğunu görüncə, Rusiyada ortaya belə bir versiya çıxarıldı: “Jurnalist protokoldan qıraq sual verdiyindən nazir gərəkdiyi kimi cavab verə bilməıyib”. “Gərəkən” cavab nə idi? İllərin protokol cavabı. Başqa tür desək, aldadıcı, yanıldıcı, xalqın başının altına balış qoyacaq cavab – çoxillik cavablardan biri!
Sosial şənbəkə aktivləri durmadan hakimiyətdən demarş istəyirdi. Oldu. Azərbaycan XİN başçısı E.Məmmədyarov qabağa verildi: “Ötən il aprelin 5-də Moskvada Ermənistanla Azərbaycan arasında atəşkəs əldə olunması üçün Rusiyanın səylərini yüksək qiymətləndiririk”. Bu, gerçək diplomatik demarş deyil, Moskva qarşısında əyilmək, kiçilmək deməkdi.
Sosial şəbəkədə acıqlı təpkilər daha da artdı. Hamı İ.Əliyevin reaksiyasını gözləyirdi. Gec də olsa o da səsini çıxarmalı oldu: “Biz bir qarış da olsa torpağımızı heç kəsə güzəştə getməyəcəyik. Biz torpaqlarımızı işğaldan azad edəcəyik. Sadəcə biz istəyirik ki, Azərbaycan beynəlxalq təşkilatların köməyi ilə problemi sülh yolu ilə nizama salsın”. Bunlar 24 ildən bəri xalqı aldatmaqla hakimiyət sürdürməyə yönəlik deyilən sözlərdəndir. İ.Əliyev bir neçə ay qabaq demişdi: “Böyük dövlətlər Dağlıq Qarabağın müstəqilliyinin tanınması üçün bizə təzyiq edirlər”. O “böyük dövlətlər” eləcə də “beynəlxalq təşkilatlar” deməkdir. Bunun ikisi bir yerdə xalqla manipulyasiya etmək, xalqa kələk gəlmək, xalqı aldatmağa çalışmaq deməkdir. İ.Əliyevin siyasi bioqrafiyası belə faktlarla doludur: bir çox faktorlardan xalqa basqı aracı olaraq yararlanma!
Dağlıq Qarabağın “müstəqilliyinin” tanınması üçün İ.Əliyevə basqı göstərilməsi faktı birbaşa İ.Əliyevin özündən, onun başında durduğu antidemokratik rejimdən qaynaqlanır: ölkədə demokratik hakimiyət,belə bir hakimiyətin gerçək görsənişi olan demokratik parlament olsaydı, “böyük dövlətlər” İ.Əliyevə basqı göstərməzdilər. Böyük dövlətlər ölkədəki bütün başlıca yönətim rıçaqlarının bir əldə toplandığını bildiklərindən, üstəlik, o əlin xalqa arxalanmadığını, xalqdan güc almadığını gördüklərindən birbaşa əl yiyəsindən yapışırlar!
Avropanın alınıb-satılmaz demokratlarından olan A.Qross bir çağlar demişdi: “Sizin hakimiyət (Əliyevlər hakimiyət. – X.B.) nə edir? Onlar başa düşmürlər ki, seçkilər saxtalaşdırılırsa, deməli, Qarabağ da sizdən uzaqlaşır”. “Onlar başa düşmürlər”? Yox, onlar çox yaxşı başa düşürlər, ancaq… İ.Əliyev qaçqınlar qarşısındakı bir çıxışında deyir: “Biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Dağlıq Qarabağı, digər işğal edilmiş bütün tarixi Azərbaycan torpaqlarını qaytaracağıq. Biz bundan ötrü güclü olmalıyıq”. Sözsüz, güclü olmalıyıq. Bəs niyə güclü olmuruq? Özü də bir belə doğal resursla!
Çağdaş dünyada güclü olmağın başlıca yolu doğru-düzgün seçkilər keçirib legitim hakimiyət formalaşdırmaqla demokratik dövlət quruculuğundan keçir. Çoxillik hakimiyətləri boyunca Əliyevlər bir dənə də doğru-düzgün seçki keçirməyiblər. İndiki sosial-siyasi durum Azərbaycan, Azərbaycan xalqı üçün olmasa da, Əliyevlər üçün olduqca əlverişlidir. Onlara Qarabağı qaytara biləcək güclü Xalq Dövləti deyil, Xalqı basqı altında tuta biləcək güclü Polis Dövləti gərəkdir – onu da yaradıblar!
“Azərbaycan dövləti müstəqil dövlətdir, biz müstəqil siyasət yeridirik”, – İ.Əliyev tez-tez belə çıxışlarda bulunur. Bütün faktlar bir yana, 2016-cı ilin 2-5 aprel döyüşləri də, Lavrovun ortada olan cavabı da indiki Azərbaycanın “müstəqil” dövlət olmadığının göstəricisidir. Başqa, belə desək, neytral göstəricilər də var. Bunlar üç qonşu dövlətdə orta aylıq əməyin dəyərləndirmə göstəriciləridir: Gürcüstan – 475; “Ermənistan”-389; Azərbaycan- 270 dollar. Göründüyü kimi, doğal resursları aşıb-daşan Azərbaycan doğal resurslardan yoxsul iki qonşunun ikisindən də əməyin dəyərləndirilməsi baxımından çox geri qalır. Bu isə faktiki yoxsulluq göstəricisidir. Gürcüstanla “Ermənistan”da ərzaqın bizdəkindən iki qat ucuz olduğunu, Gürcüstanda, rüşvət-korrupsiya faktlarının, demək olar, kökünün kəsildiyini, Azərbaycanı rüşvət-korrupsiya faktlarının bürüdüyünü, bunun böyük bahalıq doğurduğunu, bu üzdən bizdə sosial-ekonomik durumun necə ağır olduğunu, xalqa diz çökdürüldüyünü demək artıqdır.
İ.Əliyev, AzTV-lər, bəlli jurnalistlər, qondarma politoloq-siyasətçilər elə hey Azərbaycan dövlətinin, üstün gücündən danışırlar. Bəlli olduğu kimi, dövlətin gücünün 4 başlıca göstəricisi var: 1) sosial güc; 2) ekonomik güc; 3) hərbi güc; 4) diplomatik güc. Bunların hamısı bir-birinə bağlı faktorlardır. Biri yoxdursa, o birindən danışmağa dəyməz. Güclü ekonomika güclü xalq yaradır; güclü xalq güclü ordu yaradır; güclü ordu güclü-etkili diplomatiya doğurur – hamısı bir yerdə güclü dövlət faktorunu oluşdurur. Bizdə bunlar yoxdur. Ancaq… bunlar olmasa da, bizim “müstəqi siyasət yeridən güclü, müstəqil dövlətimiz var” – verdiyi düzgün soru qorxusundan jurnalisti işdən qovan “güclü dövlətimiz”. Bu fakt “gücümüzü” hamıya göstərdi – başlıcası da öyünərək: “bizim ordumuzun büdcəsi “Ermənistanın” dövlət büdcəsindən qat-qat artıqdır” deyə, aşağılamağa çalışdığımız qonşularımıza! Böyük Sabir bu yerdə deyərdi: Qah-qah, əcəb gülməlisən, xaniman xərab!
Gerçəyi ortaya çıxaran bir jurnalistin arxasında dayana bilməyən dövləti necə güclü dövlət saymaq olar?

Kampaniya kompanyonları

Prezident administrasiyası əlaltı subyektlərinə göstəriş vermişdi: Anar Həsənovu “vurma” göstərişi. Birinci göstəriş Eynullaya verilmişdi – çoxdan hakimiyətin “ağır artilleriyasına” çevrilmiş Eynullaya. Çox ola bilsin, başlıca “arqument” də PA-dan ötürülmüşdü: “jurnalistin sorusu professionallıqdan uzaq olub”. Eynullanın ardınca Anar Həsənovu yıxıb-sürümə kampaniyasına qatılan Adıgözəl Məmmədov, Rasim Musabəyov, Mehman Əliyev, bir sıra başqaları başlıca olaraq bu “arqumentə” söykənməklə Anarı “vrmağa” çalışırlar. Anarla bağlı Rauf Arifoğlunun qəzetinə danışan M.Əliyev üstəlik Anarı “muzdlu jurnalist” adlandırır. Görəsən, hər seçki (referendum) qabağı hakimiyəti qoruma funksiyasını üzərinə götürən (daha çox Raufun qəzetində) Mehman Əliyevi də “muzdlu jurnalist” adlandırmaq olarmı?
Özünü “politoloq-siyasətçi” adlandıran, Adıgözəl Məmmədov jurnalist Anar Həsənovu yaxşı tanıdığını bildirir. Sən demə, Moskva dövlət universitetində o, kitabının tanıtımını keçirirmiş. Lider TV-nin əməkdaşı olaraq Anarı da çəkiliş aparmağa çağırıb. “Anar bəy mənə mesaj göndərdi ki, biz həmin tədbiri nəyinsə “müqabilində” edə bilərik. Açığı bu mənə çox qəribə gəldi”,- Adıgözəl deyir. Deyir, bununla da necə özgüdüçkçü, saxtakar adam olduğunu ortaya qoyur. Birincisi, bu, Lavrov oayı ilə bağlı ortaya çıxarılası fakt deyil (onu fakt saymaq olarsa). İkincisi, A.Məmmədov korrupsiyanın dövlət siyasətinə çevrildiyi, televiziyaların rüşvətə büründüyü bir ölkədən danışırkən onun “açığı bu mənə çox qəribə gəldi” deməsi açıq saxtakarlıq, ikiüzlülükdür.
A.Məmmədov deyir: “Əslində Anar Həsənov bu sualla Rusiya dövlətinin xarici siyasətinin başında duran insanı çətin vəziyyətə saldı. Sualın özü məhz o cavabı almaq üçün hesablanmışdı. Rusiya burada hər iki tərəfi ortaq məxrəcə gətirməyə çalışan bir dövlətdir. Bu sual qıcıq doğuran olduğundan cavab da o cür olmalı idi. Rusiya nəinki bizim regionda, Suriyada, Uzaq Şərqdəki, Avropadakı və hətta ABŞ-dakı seçkilərə belə göz yummur. Başa düşmək lazımdır ki, Rusiya qlobal bir dövlətdir. Qlobal dövlətin Xarici işlər nazirini Kot – D’İvuarın Xarici İşlər naziri ilə səhv salmaq olmaz”,- bunları deyən bilirsiz kimdir? Rusiyada Avrasiya İqtisadi Birliyi institutunun ekspert-politoloqu Adıgözəl Məmmədov. Görəsən, bu adam nə dediyini anlayırmı?
Birinci, Rusiya dövlətinin XİN başçısının o sual qarşısında “çətin vəziyyətə düşməsinin” suçlusu, A.Məmmədovun, bir sıra başqalarının düşündüyü kimi, gərəkən sualı verən jurnalist deyil, işğalçı dövlətin (burada Rusiya dövləti) özüdür, o dövlətin başında duranların işğalçılıq siyasətləridir. İkinci, istənilən jurnalist suali istədiyi cavabı almaq üçün verir. Üçüncü, Adıgözəl kimi bir sıra başqalarının da ortaya atdığı bu tezis bütünlüklə yalandır; Azərbaycan coğrafiyasında terror, qanlı qırğın yolu ilə “Ermənistan” dövləti yaratmış Rusiya bu coğrafiyada terror, qanlı qırğın yolu ilə daha bir erməni dövləti yaratmağa çalışır – burada ortaq məxrəcdən danışmaq… satqınlıqdır! Dördüncü, özündə, eləcə də Azərbaycan kimi qonşu ölkələrdə bir dənə də demokratik seçki keçirilməsinə yol verməyən Rusiyanın “hətta ABŞ-dakı seçkilərə belə göz yummaması” nə deməkdir? Başqa seçkilər bir yana, 2013-cü ildə Azərbaycanda keçirilən prezident seçkisində 58 % saxtalaşdırma olduğunu Avropa, ABŞ doğrulayırkən Rusiya bunu “düzgün” seçki adlandırmışdı – belə seçkilər işğalçı Rusiyanın geopolitik planları-güdükləri ilə yüzə yüz üst-üstə düşdüyü üçün! Beşinci, Rusiyanın “qlobal dövlət” olması nə deməkdir? Öz ölkəsinin çıxarlarını düşünən istənilən jurnalist Kot – D’İvuarın da, Rusiyanın da XİN başçısının qarşısında bir görəv yiyəsidir: gərəkən sualı vermək görəvlisi!
Yeri gəlmişkən, politoloq-siyasətçi Adıgözəl Məmmədovun Azadlılq radiosundakı bir çıxışı bu “tanınmış politoloq-siyasətçini” tanımaq baxımından çox ilgincdir. “Azərbaycandakı avtoritarizmlə bağlı Azadlıq radiosunun sualını adambelə cavablandırır: “Azərbaycanda avtoritarizm rejimi yox, avtoritar məımurlar var. Ölkə başçısı öz demokratik düşüncə tərzinə, liberal yanaşmalarına görə fərəhlənəcək bir liderdir”. Görəsən, A.Məmmədov bunu hansı politoloji əsərdən öyrənib: ölkə başçısı demokratik, liberal olur, onun seçib yerləşdirdiyi, üç prezidentlik dönəmini əl-ələ, çiyin-çiyinə başa vurduğu (demək olar) məmurlar avtoritar olur? Demək, ölkədəki ardı-arası kəsilməyən çoxsaylı siyasi repressiyaların da başında “demokratik, liberal ” prezident deyil, “avtoritar” məmurlar” durur!

Anarın suçu

Anarın suçu çoxillik gizlinin, böyük bir gerçəyin üstünü açması idi. Başqa cür desək, “dinc sülh danışıqları” adı altında gizlənən (gizlədilən)böyük bir yalanın üstünü açması!Bu gizlinin özülündə hakimiyətə gəlmək, yiyələnmək üçün Qarabağın, neft başda olmaqla ölkə resurslarının alver obyektinə çevrilməsi – böyük güclərlə pay-püşk faktoru dayanır. Danışıqlar xalqı aldatmaq üçündür. Bir çağlar dış jurnalistlər Əliyevlərin “Qarabağ danışıqları” adıyla ən bahalı otellərdə kef çəkdiklərindən yazardı. Bir çağlar… O çağlar Qarabağ danışıqlarının 20 ildən artıq sürəcəyinə kim inanardı? 20 ildən artıqdır “Qarabağ danışıqları” adına gəzintilər, kefçəkmələr baş alılb gedir…
Günlərin bir günü Milli Məclisin sədri Rəsul Quliyev parlament tribunasından demişdi: “Son iki ildə Azərbaycan-Ermənistan münaqişəsinin həlli istiqamətində bir addım da atılmayıb”. Onda 1996-ci il idi. Rəsul Quliyev H.Əliyevin hakimiyətə qaytarılmasında başlıca rol oynayanlardan, H.Əliyevin sevimlilərindən idi. Buna baxmayaraq, H.Əliyevin vur-tut ikicə illik gerçəyi ortaya çıxarmış Rəsul Quliyevə bərk acığı tutmuşdu. Anarın ortaya çıxardığı gerçəyin 24 yaşı var – bu isə suçun dozasını qat-qat artırır…
Son olaraq. Qarabağda indiki status-kvonun qorunub saxlanması Əliyevlərə də, onların yaxın-uzaq partnyorlarına da olduqca əlverişlidir. Bunu ermənilərin Qarabağda əngəlsiz olaraq yeni-yeni qəsəbələr salıb, əngəlsiz bərkinmələri faktından da görmək olar. Əngəlsiz!

dle
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR