FaktXeber.Info
Ana Səhifə Texnoloqiya İqtisadiyyat Karikatura Sağlamlıq Müsahibə Gündəm Yazarlar Siyasət Hadisə Dünya Təhsil İdman Foto Video
"Linlin" qasırğası 5 nəfərin canını aldı
Avropa Məhkəməsi müxalifətçilərə görə hökuməti 100 min avro cərimələdi
Avropa Məhkəməsi müxalifətçilərə görə hökuməti 100 min avro cərimələdi
Millimiz yenə xal qazana bilmədi
Millimiz yenə xal qazana bilmədi
Seymur Həzi azadlıqda!
Seymur Həzi azadlıqda!
Xəbərlər>Yazarlar
2-05-2019, 19:09

KİVDF-dən çox ciddi 1 aprel ”zarafatı”

KİVDF-dən çox ciddi 1 aprel ”zarafatı”

Bu ”zarafat”ın qurbanlarından biri də ”Bizim yol” qəzeti oldu

Rövşən Hacıbəyli

Aprelin 1-də Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının iclasında bir məsələ müzakirəyə çıxarılıb; Fondun 2019-cu ilin II rübü üzrə KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqəyə təqdim edilmiş sənədlərin müzakirəsi və təsdiqi.

Artıq xəbərlərdən sizə bəllidir, 25 qəzetə maliyyə yardımı ayrılması təsdiqlənib. Ancaq bu dəfə qəzetləri 3 kateqoriyaya bölüblər. 1-ci kateqoriyalı qəzetlərə 20 min manat, 2-ci kateqoriyaya 10 min manat, 3-cü kateqoriyaya aid edilən qəzetlərəsə aylıq 5 min manat vəsait veriləcək. Dövlət büdcəsindən ayrılan ümumi məbləğ 295 min manatdır.

KİVDF-nin yarandığı 10 il ərzində qəzetlərə 40 milyon manatdan çox vəsait qrant şəklində ayrılıb. Bundan başqa, bir neçə dəfə birdəfəlik yardımlar edilib. Ayrılan bu vəsait qəzetlərin müstəqilliyinin artırılmasına, maddi-texniki bazasının gücləndirilməsinə xidmət etməliydi. Ancaq bu illər jurnalistikamızın çöküşü, qəzetlərin tirajının kəskin azalması, bir sıra qəzetlərin, ümumiyyətlə, sıradan çıxması, nəşrini dayandırması ilə yadda qaldı. Üstəlik, jurnalistlər üçün tikilən binalara da büdcədən 20 milyon manatdan artıq vəsait ayrılıb. Maraqlıdır ki, bu üç binalarda ümumilikdə mənzil sayı 666 olacaq. Yaxşı düşünülüb…

Yanvar təklifi

Qəzetlərə maliyyə yardımının azaldılması məsələsi bu il KİVDF-nin yanvarın 31-də keçirilən iclasında gündəmə gəlmişdi. Əslində, gündəmə gələn bu məsələ KİV-ə dövlət dəstəyi konsepsiyasının iflası demək idi. Həmin iclasdan yayılan xəbərlərdə bildirilirdi:

“Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının yanvarın 31-də keçirilən iclasında qəzetlərə maliyyə yardımının dayandırılması qərara alınıb. Maliyyə yardımı dayandırılacaq qəzetlər bunlardır:

“Şərq”, “Ədalət”, “Unikal”, Palitra”, “Paralel”, “Azad Azərbaycan”, “Həftəiçi”, “Bizim Yol”, “Olaylar”, “Üç Nöqtə”, “Oxu Məni”, “Hürriyyət”, “Reytinq”, “Hərbi And”, “Türküstan”, “İqtisadiyyat” və “Mövqe”.

Maliyyənin dayandırılmasının səbəblərini Fondun icraçı direktoru Vüqar Səfərli daşdan keçən arqumentlə əsaslandırmışdı:

“Hazırda bütün dünyada internet media resursları sürətlə inkişaf edir və nəticədə çap mediası obyektiv səbəblərdən problemlə üzləşir. Bu baxımdan KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanında müəyyən dəyişikliklər edilməsinə ehtiyac var”.

V.Səfərli dəyişikliklərin necə olacağını da demişdi: “Fondun KİV-ə maliyyə yardımı müsabiqəsində son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilərlər. Həmçinin xarici dillərdə nəşr olunan gündəlik və həftəlik ictimai-siyasi qəzetlər üçün tirajın minimum 3000, satış və abunənin isə minimum 1500 nüsxə olması nəzərdə tutulur”.

Bu xəbər yayılandan sonra Vüqar Səfərli fevralın 1-də “movqe-az”-a açıqlama verərək (görünür, bir daha yanlışlıq olmaması üçün öz qəzetinə etibar edib) dəyişikliklərin düzgün anlaşılmadığını demişdi… Yeri gəlmişkən, 31 yanvar iclasında maliyyə ayrılmayacaq qəzetlər arasında olan “Mövqe” qəzeti qısa zamanda vəziyyətini düzəltməyi bacarıb. 1 aprel iclasında verilən qərara görə, “Mövqe” ən çox maliyyə alacaq, yəni 1-ci kateqoriya qəzetlər sırasına qoşulub. Yazını hazırlayarkən bir neçə qəzet köşkünə baş çəkdim, ancaq “Mövqe” qəzetini tapa bilmədim. Satıcılar “daha o qəzetdən almırıq, deyəsən, bağlanıb” dedilər…

Mart əlavəsi

Yeni şərtlərə uyğunlaşmaq üçün qəzetlər anındaca hərəkətə keçdi. Əksər qəzetlərin tirajı “artdı”. KİVDF-dən maliyyələşən qəzetlərin hamısı tiraj yerində 5 min nüsxədən yuxarı rəqəm yazmağa başladı. “İnkişaf” göz qabağındaydı. Fevralın yekunları ilə bağlı qəzetlərin yayım firmalarından alıb KİVDF-yə təqdim etdiyi hesabatlar (bu hesabatlar da qəzetlərlə bəzi yayım firmaları arasında qarşılıqlı razılaşma hesabına tərtib olunur, çıxmayan nüsxələr kağız üzərində “satılır”, firma “yayıma” görə qəzetdən müəyyən məbləğ alır, sonra da arayışını verir. Lap 70-ci illərin pambıq yığımındakı məşhur “pripiska”sı kimi) Fondun Müşahidə Şurasının martın 5-də keçirilən iclasında müzakirəyə çıxarılıb. Ancaq icraçı direktor vəziyyətin ürəkaçan olmadığını deyib: “Fevral ayının yekunları ilə bağlı Fonda təqdim olunan hesabatlar 2019-cu ilin I rübündə layihələri maliyyələşdirilən xeyli sayda qəzetin tiraj və yayımla bağlı yeni şərtləri yerinə yetirmək imkanında olmadığını göstərib”. Vüqar Səfərli bununla əlaqədar 2019-cu ilin II rübü üzrə KİV-ə maliyyə yardımı müsabiqəsinin elanının şərtlərinə yeni əlavənin edilməsi təklifinin müzakirəsinə obyektiv zərurət yarandığını vurğulayıb: “Həmin əlavəyə əsasən, son üç ildə müntəzəm nəşr olunan, müsabiqə elan olunan günədək Fondun maliyyələşmə şərtlərini yerinə yetirən, səhifələrinin sayı 24-dən (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan həftəlik, o cümlədən mövcud şərtlərlə fəaliyyətini davam etdirə bilmədiyinə görə həftəlik nəşr olunacaq gündəlik ictimai-siyasi qəzetlərə də müəyyən tələblər çərçivəsində maliyyə yardımının ayrılması təklif olunur”. İcraçı direktor, həmçinin vurğulayıb ki, 2019-cu il aprelin 1-dən bu formatda çıxan qəzetlərin yalnız mətbəə xərclərini (kağız və çap xərcləri) Fond ödəyəcək. Aprel-may ayının yekun hesabatına əsasən qeyd olunan şərtlərə əməl etməyən qəzetlərin mətbəə xərclərinin ödənişi dayandırılacaq.

Aprel “zarafatı”

Maraqlıdır ki, nə yanvarın 31-də, nə martın 5-də, nə də aprelin 1-də keçirilən iclasda Vüqar Səfərlinin təkliflərinə etiraz edən olub. Qəzetlərə maliyyə yardımının dayandırılması ilə bağlı yanvarın 31-də keçirilən iclasda təklif səsə qoyularaq yekdilliklə qəbul edilib. Martın 3-də keçirilən iclasda, əslində, 31 yanvar iclasında gündəmə gələn təklifdən imtina olunub və qəzetlərə maliyyənin müəyyən şərtlər çərçivəsində davam etdirilməsi, yəni dəyişikliklərə əlavə də səsə qoyularaq yekdilliklə qəbul olunub. Aprelin 1-də keçirilən iclasda maliyyə yardımı ayrılan qəzetlər 3 kateqoriyaya bölünəndə də, veriləcək məbləğ elan olunanda da yenə Müşahidə Şurası üzvləri qərara yekdilliklə səs verib. Bundan başqa, 31 yanvar qərarından sonra baş redaktorlar susmağa üstünlük verib, maliyyənin dayandırılmasına münasibət bildirməyib.

Maraqlıdır ki, indiyə qədər maliyyə yardımı ayrılan qəzetlər içərisində tirajı gerçək olan, ən çox satılan “Futbol+” bu dəfə bəzi qəzetlər kimi kənarda qalıb. Bu ayrı-seçkiliyə etiraz olaraq aprelin 9-da (qəzetlərə maliyyə ayrılandan sonra) qəzet kollektivi KİVDF-nin ofisi qarşısında etiraz aksiyası da keçirib.

Görünür, başqaları susmaqla daha çox pay almağa ümid edib. Ədalət üçün deyək ki, yanılmayıblar. Çoxuna pay düşüb. Növbəti mərhələlərdə də yəqin yenə hamını yola verəcəklər, axı daha nəzarətdən kənar qəzet qalmayıb, yardım ayrılanların hamısı deyiləni, məsləhət olanı yazanlardır. Həm də “Fond bu səbəbdən də güzəştli və humanist yanaşma nümayiş etdirərək” qəzetlərə maliyyə ayırıb. Xalqın vergiləri hesabına formalaşan büdcə vəsaiti sanki şəxsi puldur, prezident də, ondan aşağılar da həmin vəsaiti “humanistcəsinə” istədikləri yerə xərcləyir, özlərinə xal qazanırlar.

Ötən il Mətbuat Günü ərəfəsində – 2018-ci ilin 19 iyulunda 26 qəzetə birdəfəlik yardım verilmişdi; ümumilikdə 998 min manat. 2016-cı və 2017-ci illərdə də hər il 27 qəzetə 1 milyon manat birdəfəlik yardım ayrılmışdı. O yardımların qəzetlərə çatıb-çatmaması əsas deyil, başlıcası odur ki, dövlət büdcəsindən bu vəsait xərclənmişdi.

10 illik dövlət dəstəyi sayəsində öz nəzarətlərində olan qəzetlər belə tirajını itirib. Maliyyə almadığı illərdə nisbətən böyük tirajla çıxan “525-ci qəzet” KİVDF-nin yardımlarından sonra tirajını itirib, bu ilin aprelindən başlayaraq gündəlik nəşrini dayandıraraq həftədə 3 dəfəyə keçib.

Son 10 illik mətbuat siyasətinin – KİV-ə dövlət dəstəyinin acı sonluğu budur.

 

dle
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR