FaktXeber.Info
Ana Səhifə Texnoloqiya İqtisadiyyat Karikatura Sağlamlıq Müsahibə Gündəm Yazarlar Siyasət Hadisə Dünya Təhsil İdman Foto Video
"Linlin" qasırğası 5 nəfərin canını aldı
Avropa Məhkəməsi müxalifətçilərə görə hökuməti 100 min avro cərimələdi
Avropa Məhkəməsi müxalifətçilərə görə hökuməti 100 min avro cərimələdi
Millimiz yenə xal qazana bilmədi
Millimiz yenə xal qazana bilmədi
Seymur Həzi azadlıqda!
Seymur Həzi azadlıqda!
Xəbərlər>Siyasət
11-08-2019, 02:17

Erkən parlament seçimi gözlənilir mi?

Erkən parlament seçimi gözlənilir mi?

Azərbaycan hakimiyyəti 2016-cı ildə referendum keçirib konstitusiyanı dəyişdi, parlamentin onsuz da məhdud olan səlahiyyətlərini alıb onu marionet teatrına çevirdi, deputatlıq üçün yaş senzini 25 yaşdan 18 yaşa endirdi, parlamentin prezident tərəfindən buraxılması mexanizminin hüquqi əsaslarını yaratdı, vitse-prezident institutu təsis edib bu institutu ölkənin prezidentdən sonra ən səlahiyyətli statusu səviyyəsində təsbit etdi. Bütün bunlar, təbii ki, məqsədsiz və məramsız atılan addımlar deyildi. Regionda və dünyada baş verən proseslər, eyni zamanda, hər gün pisləşən sosial-iqtisadi durum, ağır devalvasiyaların depressiyası və maliyyə fəsadları fonunda xalqın artan narazılığı Azərbaycan hakimiyyətini ekstremal vəziyyətlərə hazırlıq məqsədilə rezerv variantlar axtarışına məcbur etmişdi. Ekstremal vəziyyətlər yaranacağı halda, aydındır ki, hakimiyyət müəyyən güzəştlərə getməlidir. 19 yanvarda ilk belə vəziyyət yarandı və hakimiyyət ilk güzəştlərini etdi. Əlbəttə, bu çox kiçik, əsasən, sosial gərginliyi aradan qaldırmağa yönələn kosmetik xarakterli iqtisadi tədbirlər idi və təbiidir ki, bütün kosmetik, səthi addımlar kimi onların effekti də keçici oldu. Ətin kiloqramının 15, yağın 18, gilasın, əriyin 7-8 manat, elektrik enerjisinin, qazın, suyun hətta bizim qaz satdığımız qonşularla müqayisədə dəfələrlə baha olduğu ölkədə minimum əməkhaqqını 180 manata qaldırmaqla o əməkhaqqını alan 600 min insanı razı salmaq mümkün deyil. Üstəlik, hətta kosmetik xarakterli sosial-iqtisadi tədbirlər də büdcə üçün ağır əlavə yükə çevrilib və aydındır ki, bu il problem yaşanmasa da, gələn ildən, neftin qiymətində artım olmasa büdcə bu yükü çəkə bilməyəcək. İqtisadi güşəzt limiti tükənir, demək, artan gərginliyi səngitmək üçün daha fərqli variantlarə əl atılmalıdır. İlham Əliyevin hakimiyyəti vermək niyyəti yoxdur, hökuməti, real hakimiyyəti bölüşməkdən söhbət gedə bilməz, və bundan sonra ediləcək güzəşt maksimum bütün səlahiyyətləri əlindən alınmış parlament müstəvisindən ola bilər. Zatən, son referendumla parlamenti ona görə gücsüz, aciz bir notarial kontora çevirdilər ki, sabah onun hesabına ediləcək hansısa güzəşt hakimiyyətdən real güc itkisinə səbəb olmasın.
Azərbaycan hakimiyyəti erkən parlament seçkisinə getmək istəyirmi? Hesab edirəm ki, istəyir. 19 yanvardan sonra arsenalında olan və hələlik korrupsiya büdcəsinin səxavətindən edə biləcəyi bütün sosial güzəştləri etdi, ancaq xalqın narazılığı azalmaq əvəzinə artdı. Elə bu narazılıqdan qorxduğu və Milli Şuranın istənilən növbəti sanksiyalaşdırılmış aksiyasının öz izdihamı ilə 19 yanvar mitinqini kölgədə qoyacağını və etiraz hərəkatı başladacağını bildiyi üçün beynəlxalq imicinin ağır şəkildə zədələnməsi hesabına olsa da YAP hökuməti altı aydır ki, ölkədə sərbəst toplaşmaq azadlığı kimi fundamental azadlığı qadağan edib. Lakin durumu uzun müddət qadağalarla idarə etmək mümkün olmayacaq. Nağd qiymət artımı sentyabra anons edilən nisyə maaş artımını çoxdan udub, beynəlxaq konyuktur daha da sərtləşməkdədir. Azərbaycan geosiyasi seçimini etməlidir, Avropa Birliyi ilə saziş imzalamalıdır, əks halda həm beynəlxalq maliyyə qurumlarına çıxış imkanları qapanacaq ki, Azərbaycan iqtisadiyyatının indiki durumunda hakimiyyət buna gedə bilməz, həm beynəlxaq korrupsiya ifşaları daha real və konkret məhkəmə və sanksiya müstəvisinə keçə bilər. Xəbərdarlıqlar kifayət qədər ciddidir. Azərbaycan Avropa Birliyi münasibətləri praktikasında ilk dəfədir ki, AB-nin komissarı səviyyəsində (Yohanson Han) Sazişin gecikməsinin səbəbi olaraq Azərbaycan hakimiyyətinin insan hüquqlarına dair blokla razılaşmaması və AB-nin bu şərti qəbul etmədiyi dilə gətirilir. ABŞ Dövlət Katibinin yardımçısının müavini Con Kent ictimaiyyət və media qarşısında İnsan hüquqları, demokratiya və qanunun aliliyinin ABŞ-Azərbaycan münsibətlərinin inkişafı üçün ən vacib iki şərt olduğunu və qarşı tərəfdən ölkə həyatının bütün sahələrini əhatə edəcək dərin sistem islahatları gözləntisini ifadə edir. Üç gün öncə AB Şurasının prezidenti Donald Tusk ölkəmizdə olarkən demokratiya və insan hüquqlarının Avropa Birliyi üçün ən birinci prioritet olduğunu dəfələrlə vurğulayır. Bu durumda, iqtidar, təbii ki, hansısa addımlar atmalıdır, bunu özləri də yaxşı anlayırlar. Xüsusilə, payızda sosial partlayışların ola biləcəyindən qorxurlar və bu qorxu səbəbsiz deyil. Əvvəllər beynəlxalq təzyiqlərdən çəkinərdilər, xalq isə Azərbaycan hakimiyyətinin hesabat kitab-dəftərində, ümumiyyətlə, yox idi. İndi, əksinə, xalqdan hamıdan çox qorxurlar, çünki bilirlər ki, uzun illər əzdikləri, bir tikə çörəyə möhtac qoyduqları, haqqını tapdaladıqları və içində ona zülm edənlərə dəruni bir nifrət bəsləyən xalqın partlaması ilə onların siyasi ölümləri arasındakı zaman məsafəsi bir gündən də az ola bilər. Məhz bu qorxu bir neçə həftə öncə Əbülfəz Bünyadovun azad olunmasına yox deyən məhkəməni Aydın Qurbanovun faciəli vəfatından sonrakı ilk saatlar ərzində müraciət edilmədiyi halda qan-tər içində təcili iclas keçirib onu azad etməyə məcbur etdi. Çünki düzgün olaraq hesablamışdılar ki, ikinci belə ölüm həmin o xalq qəzəbini alışdıra bilərdi. Demək, xalqın bu nifrət və qəzəb enerjisini azaltmaq, eyni zamanda beynəlxalq çağırışlara cavab vermək məqsədilə müəyyən güzəştlər qaçılmazdır ki, bu güzəştlərdən də hakimiyyət üçün ən ağrısızı erkən parlament seçkiləridir.
Hakimiyyət parlament seçkiləri yolu ilə vəziyyətdən necə çıxmağı düşünür? Təbii ki, azad və ədalətli seçkilərdən söhbət gedə bilməz, ən yaxşı halda bu seçkilər “irəliyə doğru bir addım”, demokratiya imitasiyası dövrünə qayıdış ola bilər. Məsələn, hakimiyyət bu seçkilərdə “müxalifətə” kifayət qədər yer verməyi düşünür. Bəziləri deyir ki, 1-2 yer versə, böyük işdir, daha artığını gözləməyin. Mən hesab edirəm ki, Azərbaycan hakimiyyətinin artıq 2010 və ya 2015-ci il parlament seçkilərini təkrarlamaq lüksü yoxdur, daxili və xarici faktorlar dəyişib. Məsələn, ən geci 2020-ci ilin yazında imzalanacağı gözlənilən Avropa Birliyi ilə Sazişdən sonra saxta seçki keçirmək, ümumiyyətlə, Avropa ilə sərt qarşıdurma demək olacaq və yeri gəlmişkən, həm də buna görə hakimiyyət parlament seçkilərini həmin vaxtadək keçirməyi nəzərdə tutur. İqtidar bu seçkilərdə müxalifət adına iddia edənlərə daha səxavətlə mandat paylamağı düşünür, çünki yeni parlamenti ildırımötürücü funksiyasında görür. Əski parlament müxalifəti iflas etdi və atıq çoxdandır ki, onu dünyaya və xalqa müxalifət kimi sırımaq mümkün deyil. Məqsəd hakimiyyətin özü üçün daha zərərsiz, lakin əvvəlkilər kimi ifşa olunmamış “müxalifət” seçməsidir və indi məhz bunun üzərində baş sındırırlar. Bu seçkiərdə yeni reanimasiya etdikləri “55 siyasi partiya”nın rəhbər heyətindən bəzilərinə, vətəndaş cəmiyyətindən çiçəyi burnunda bir-neçə “hərəkatçıya” mandat verməyi gözə alıblar. Vəziyyət bir az da gərginləşsə bu yumşalmanın dairəsi genişlənə və bəzi dostları da əhatə edə bilər. Zənnimcə, Azərbaycan hakimiyyətinin parlamentdə heç bir halda görmək istəmədiyi yalnız iki şəxs var – Əli Kərimli (müxalifətin şəriksiz lideri olduğu üçün) və İsa Qəmbər (2003-cü ilin kompleksindən çıxa bilmədikləri üçün). Siyasi ömürlərini uzatmaq naminə onların dışında hər kəsi həzm edə bilərlər. Plan da təxminən belədir ki, 5-10 nəfər müxalifətçinin təmsil olunduğu parlament daxildə sosial gərginliyi azaldacaq, insanların gözləntiləri artacaq və pisləşən sosial-iqtisadi durum fonunda siyasi məsuliyyət müxalifətlə bölüşdürüləcək. AŞPA kimi beynəlxalq təşkilatlar da bunu öz uğurları kimi aktivlərinə yazıb xoşbəxt olacaqlar.
Bu plana etiraz edəcəyi öncədən də görünən Milli Şuraya qarşı isə daha bir ehtiyat variant yetişdirilirdi. Bir tərəfdən bizim guya islam fundamentalistlərinə dəstək verən təşkilat kimi beynəlxalq ictimaiyyətə təqdimatımız istiqamətində lobbi qrupları fəaliyyətə gətirilir, digər tərəfdən baltalı, armaturlu, ülgüclü 17 noyabr inqilabı anons edilərək Milli Şuraya və AXCP-yə qarşı total repressiyalar üçün zəmin hazırlanırdı. Uzun illərdir bəzi dostlarımızın da dəstəyilə beynəlxalq kuluarlarda, privat görüşlərdə təbliğ edilən, ötən ilin mayında Konqresdə prezentasiya edilən “ənənəvi müxalifət marginallaşıb” layihəsi də, sonuc etibarilə, məhz bütün planları pozan dağıdıcı Milli Şura və AXCP-nin izolyasiyası üçün münbit beynəlxalq fon yaratmağa xidmət edirdi. Beləliklə, 5-10 nəfər müxalifətçi dişsiz və hakimiyyət üçün hələki ciddi təhlükə yarada bilməyən parlamentə mandat alır, beynəlxalq “irəliləyiş” qeydə alınır, islahatlar vüsət alır, cəmiyyətdə gözləntilər yaranır, hamı xoşbəxtdir…
Lakin nə baş verir ki, hakimiyyət seçki qərarını verə bilmir, bu qədər tərəddüd edir?! REAL sədri İlqar Məmmədovun sosial şəbəkələrdə seçki haqqında çıxışlarının altındakı şərhlərə baxın: vətəndaşlarımızın içində saxta seçkilərə qarşı dəhşətli bir aqressiya var, çünki növbəti dəfə aldanmaq, Əfruz xalanın və Məzahir əminin tamaşasında kütləvi səhnələrin iştirakçısı rolunu oynamaq istəmirlər. Hakimiyyət bütün bunları görür, təhlil edir və erkən seçki ilə bağlı tərəddüdü də buradan qaynaqlanır. Onlar hələ ki, dəqiq hesablamalar aparıb bir nəticəyə gələ bilmirlər və insaf naminə deyək ki, belə hesablamaların öncədən bəlli olan dəqiq nəticələri də olmur.
Hakimiyyət düşünür ki, cəmiyyətdə gərginliyi azaltmaq, payızda gözlənilən etiraz dalğasını ötürmək üçün seçki keçirərik, müxalifətin bir hissəsini parlamentə buraxarıq, ancaq əvəzində seçki sözü gələndə od püskürən, əslində bütün hakimiyyət yetkililəri içində ən az suçu olan və ən az korrupsiyaya bulaşmış deputatlara qarşı dəhşətli bir nifrət bəsləyən xalq daha da qəzəblənsə və seçkini boykot etməsi daha çox ehtimal edilən Milli Şura ətrafında təmərküzləşsə necə olacaq? Digər tərəfdən də Milli Şuranın və beynəlxalq cameənin sayıqlığı nəticəsində terror, islam fundamentalizmi, 17 noyabr layihələri də, Südabə xanımın təbirincə desək, elə beşiyindəcə boğuldu, Gəncə hadisələrində “mütəşəkkil islam terroru” tamaşası böyük rüsvayçılıqla ifşa olundu. Ona görə də hakimiyyət odla su arasında qalıb və seçkinin vaxtını təyin edə bilmir.

dle
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR