Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Milli Məclisin deputatı Rasim Musabəyovun Bakıda yeraltı keçiddə popkorn satan uşağı “həyasız” adlandırması və onun vergi ödəməyini tələb etməsinə sərt reaksiya verib.
S.Cəlaloğlu açıqlamasında bildirib ki, həmin uşaq öz zəhmətilə halal pul qazandığı üçün hökumət ona heykəl qoymalıdır: “Əgər küçədə hansısa uşaq qarğıdalı, salfet və yaxud gül satırsa, bunun günahı həmin uşaqda deyil. Bunun günahı uşaqpulunu verməyən hökumətdədir ki, bu cür adamları öz himayəsi altına almır. Əgər bu uşaqlara dövlət tərəfindən lazımı maddi təminat göstərilsəydi, o zaman həmin uşaqlar gedib təhsilləri ilə məşğul olardılar. Əksinə, həmin uşaq gedib oğurluq etsəydi, bu zaman onu qınamaq olardı. Ancaq qarğıdalı satdığına görə hər hansı deputatın bu uşağı qınamağa haqqı çatmır. Bəlkə də həmin uşaq özünə kitab-dəftər almaq üçün bu cür halal yolla pul qazanır. Ona görə də sözügedən uşağa abidə qoymaq lazımdır. Mənim üçün bu uşaq Rasim Musabəyovdan daha çox qiymətli və Vətənə faydalıdır. Saxta mandat alan bu cür insanların millətimizə yuxarıdan aşağı baxmasında da təəccüblü nə isə görmürəm. Çünki Rasim Musabəyov həqiq millət vəkili olsaydı, o zaman millətimizin bütün problemlərini başa düşərdi, o uşağın qarğıdalı satmasına qarşı vergi tələb etməzdi. Əksinə, məsələ qaldırardı ki, dövlət həmin uşaqlara sahib çıxsın, onların təhsil alması üçün lazımı addımlar atılsın. Normalda dövlət bu cür uşaqlara yardım etməlidir ki, onlar da gedib yaxşı təhsil alsınlar. Rasim Musabəyov, axı bu uşağın nə günahı var ki, onu təhqir edirsən?”.
dle