Milli Şuranın sədri Cəmil Həsənli
Bu gün Taarif Şuası nəhayət ki, gündüz iclas keçirib və əhaliyə satılan qaz lmitini 1700 kubmetrdən 2200 kubmetrə qədər artırıb. Bilirsiniz ki, Milli Şura olaraq tələbimiz əhaliyə satılan qaz limitinin bütövlükdə ləğv edilməsi idi. Çünki Azərbaycanda belə bir limit tətbiq etməyin nə sosial, nə də iqtisadi əsası yox idi. İlham Əliyev hakimiyyətə gələndə qazın 1000 kubmetri əhaliyə 7 dollara satılırdı. Niyə? Çünki səmt qazının çıxarılması təbii proses olduğu üçün maya dəyəri minimum həddə idə, əlavə olaraq Beynəlxalq Əməliyyat Şirkəti də səmt qazını bu günə qədər pulsuz verir. Hakimiyyətinn ikinci ilində, yəni 2005-ci ildə cənab Əliyev əhaliyə satılan qazın 1000 kubmetrinin qiymətini 7 dollardan 47,2 dollara, göründüyü kimi 7 dəfədən də artıq qaldırdı.Əhaliyə satılan qazın qiymətini artırmaq üçün bunlar hansı fırıldağa əl atdılar? Süni şəkildə qazın maya dəyərini artırıb bu sahədə korrupsiyanı şəbəkələşdirdilər. Az əvvəl 7 dollara başa gələn qazın 1000 kubmetri 2007-ci ildən başlayaraq ARDNŞ 1000 kubmetr təbii qazı “Azəriqaz”a 42 manata (korrupsiya əməliyyatından sonra maya dəyəri 30 manat qaldırılmışdı, 3.5 manat da emal xərci əlavə etmişdilər) satmağa başladı. Əlavə olaraq “Azəriqaz” da onun istismar xərclərini süni şəkildə artırıb 15-20 manata çatırdı. Bu korrupsiya əməliyyatından sonra qazın hər 1000 kubmetrinin qiyməti 57 manata yüksəldi. Qaz sahəsində korrupsiya şəbəkələşdikdən sonra hökumət əhalini borclu çıxararaq guya 57 manata başa gələn qazı əhaliyə 47, 2 manata satdığının minnətini xalqın boynuna qoydu. Amma bununla da kifayətlənmədi. 2007-ci ilin yanvar ayında əhalidən başqa bütün kateqoriyalara aid istehlakçılar üçün qazın qiyməti 2 dəfə artırılaraq hər 1000 kubmetr üçün 47,2 manatdan 100 manata çatdırıldı. Bu artım “əhalidən başqa bütün kateqoriyalara” şamil edilsə də, əslində bütün xidmət sahəsini, kənd təsərrüfatı, iaşə obyektlərini əhatə etdiyindən həmin sahələrdə qiymətlərin kəskin artmasına gətirib çıxardı. Lakin bu da uzun sürmədi. İki il sonra, 2009-cu ilin iyulun 2-də hökumət əhali ilə qeyri əhali istehlakçılar arasında fərqi aradan qaldırıb “ədaləti” bərpa etmək üçün əhaliyə satılan hər 1000 kubmetr təbii qazın qiymətini də 47,2 manatdan 100 manata qaldırdı və bununla əhalinin belini qırdı. Bu əhaliyə satılan qazın hər 1000 kubmetrinin qiymətinin nə az, nə çox 2,1 dəfə artırılması demək idi. Amma bu da son deyildi. 2016-cı ilin noyabr ayında İlham Əliyev yenidən bu məsələyə qayıdıb qaz istehlakına limit tətbiq etdi. Bu limitə görə 1700 kubmetr (əvvəlcə 1500 kubmetr nəzərdə tutulmuşdu) qaz istehlakçıları əvvəlki qaydada 10 qəpik, bu limitdən artıq qaz istehlakçıları isə 20 qəpik hesabı ilə istifadə etdiyi qazın qiymətini ödəməli idi. Taarif Şurasının bu soyğunçuluğu 2017-ci ilin yanvar ayının 1-dən qüvvəyə mindi. Lakin qəribə mənzərə yaranda Azərbaycan öz əhalisinə limitdən artıq (limit ən yaxşı halda 3 ayı əhatə edirdi) qazın qiymətini 2 dəfə artırdığı halda Azərbaycandan qaz alan Gürcüstan 2018-ci ildə əhaliyə satılan qazın qiymətini 1 kubmetr üçün 0,011 tetri aşağı salmışdı. İndi Əliyev hökuməti böyük səxavət göstərib 2 il bundan əvvəl tətbiq etdiyi 1700 kubmetrlik qaz limitini 2200 kubmetrə qaldırır. Bu qaz istehlakçılarının olsa-olsa bircə ay köhnə qiymətlə (10 qəpik) ödənişinə yardımçı ola bilər, yəni Taarif Şurasının məzkur qərarı ilə bundan sonra əhali istehlak etdiyi qazın pulunu aşağı-yuxarı 4 ay 10 qəpikdən, 8 ay isə 20 qəpikdən ödəyəcəkdir.
Yuxarıdakı rəqəmlərdən özünüz gördünüz İlham Əliyevin 16 illik hakimiyyəti dövründə xalqın istehlak etdiyi qazın qiyəməti 10 dəfədən çox artıb. Taarif Şurasının bu gün qaz limitini 500 kubmetr artırması artıq hökumət mediasında millətə böyük güzəşt kimi sırınır. Bu vəziyyətdən çıxış yolu deyil. Çıxış yolu bütövlükdə limiti ləğv edib əvvəlki qiyməti (10 qəpik) bərpa etmək, gec də olsa soyğunçuluqdan geri çəkilməkdir. Milli Şuranın qarşıdakı mitinqlərində əsas tələblərindən biri də məhz, qaz limitinin aradan qaldırılması, əvvəlki qiymətin bərpa edilməsi olacaq.
dle