Ötən gün AXCP GK-nın Xətai şöbəsinin sədri Fuad Əhmədlinin 16 saylı CÇM-də məhkəmə prosesi keçirilib.
Fuad Əhmədli məhkəmə prosesində çıxış edib və bunları söyləyib:
“Hörmətli məhkəmə iştirakçıları, müəssisənin nümayəndəsi Ceyhun Rəsulov burda bildirdi ki, mən hələ islah olunmamışam, cəza çəkdiyim müddətdə dörd “karsım” və bir töhmətim var, “müəssisənin ictimai həyatında” fəal iştirak etmirəm.
“Kars”ların üstündə geniş dayanmıram, sonuncu “kars” partiyadaşım və dostum Ibrahimli Məmmədin mən Kürdəxanı təcridxanasında olduğum vaxt şərlənməsinə etiraz etdiyim üçün verilib və hətta bundan da altı ay keçib. Yəni, daxili nizamnamə qaydalarına görə onlar qüvvəsini itirib və onlara istinad etmək yumşaq desək hüquqi nonsensdi.
Töhmətin yalan məlumat, və ya anlaşılmazlıq nəticəsi olduğu isə rəhbərliyin araşdırması nəticəsində müəyyən olunub və bunu Ceyhun müəllim də bilməmiş deyil.
“İctimai həyata” gəldikdə, keçirilən bütün tədbirlərdə iştirak etmişəm, bunun “aktivi, passivi” necə olur, bilmirəm, bilən varsa məni başa salsın. Bu başdan deyim ki, oxumaq, rəqs etmək və hansısa musiqi alətində ifa etmək bacarmıram, lazımdısa öyrənərəm.
Bununla yanaşı, həftədə üç gün, iki saat olmaqla, iyirmi nəfər dustaq yoldaşıma ingilis dili öyrədirəm və bu müəssisə rəhbərliyi tərəfindən təqdir olunur, bilmirəm bu “ictimai həyat” kateqoriyasına aiddi, ya yox.
Bu müddətdə Devid Şvartsın 340 səhifəlik “Böyük düşünmənin sehri” (The Magic of Thinking Big) əsərini ingiliscədən azəri türkcəsinə tərcümə etmişəm ki, bu da fikrimcə “ictimai həyat” kateqoriyasına aid oluna bilər.
Mən 2012-ci ildən başlayaraq aktiv siyasi fəaliyyətlə məşğul olmuşam, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü və partiyanın Xətai RŞ GK-nın sədriyəm, həbsim də siyasi fəaliyyətimlə bağlıdır. Əgər “islah olunma” ifadəsi altında siyasi əqidəmi dəyişməyim nəzərdə tutulursa, bəli, boynuma alıram ki, “islah olunmamışam”, iki il səkkiz ay on iki günlük həbs müddətimi siyasi fəaliyyətimin bir periodu hesab edirəm.
Konstitusiya hüququmdan istifadə edib, təyin olunmuş cəzanın üçdə iki hissəsindən çoxunu çəkdiyimi nəzərə alıb, azad olunmağım üçün müraciət etmişəm.
Qərar çıxarmaq sizin səlahiyyətinizdədir.
Sağ olun.”
dle