«Saxlananlar Azad Şəfiyev başda olmaqla hamısı artıq buraxılıb».
Bunu AzadlıqRadiosuna «Gələcək Azərbaycan» Partiyasının sədri Ağasif Şakiroğludeyib. Onun vurğulamasına görə, onlar elə martın 3-də sərbəst buraxılıb.
Deyilənlərə Lənkəran polisi və Daxili İşlər Nazirliyindən münasibət almaq cəhdləri nəticə verməyib.
+++
Martın 3-də Azərbaycan Xalq Hərəkatının (AXH) rəhbər üzvlərinin Masallı rayonunun girişində saxlandığı bildirilir.
Bu barədə Azadlıq Radiosuna həmin quruma daxil olan “Gələcək Azərbaycan” Partiyasının sədri Ağasif Şakiroğlu məlumat verib.
O, keçmiş daxili işlər naziri İsgəndər Həmidovun da orada olduğunu bildirib:
“Masallı rayonun Göytəpə kəndindən bizim arxamızca maşın düşdü. Rayonun çıxışında isə, dairədə bir mülkü avtomobillə qarşımızı kəsdilər. Ardınca Dövlət Yol Polisinin (DYP) avtomobili gəli. Elə bu anda uşaqlar əllərində içidolu yumurta olan paket yaxındakı mağazadan çıxdılar. Nəticədə yumurta atəşinə hədəf olduq...”.
A.Şakiroğlu əlavə edib ki, AXH-nin Lənkəran rayonunda evlərdən birində konfransı olub:
“Ancaq konfransın başlanmasından yarım saat sonra polis ev yiyəsi Azad Şəfiyev də daxil olmaqla 10-a yaxın adamı aparıb”
A.Şakiroğlunun deməsinə görə, oradakı media təmsilçilərinə də təzyiqlər olub.
Ancaq bütün bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Azərbaycan Xalq Hərəkatı bu ilin yanvarında keçmiş Daxili İşlər Naziri İsgəndər Həmidovun təşəbbüsü ilə yaradılıb. Quruma bir sıra siyasi partiya və fəallar qatılıblar.
dle