Gəncə hadisələrinə görə həbs olunanlardan Şahin Verdiyevin durumunun kəskin pisləşdiyi bildirilir. Bu barədə Siyasi Məhbusları Müdafiə Mərkəzinin koordinatoru Oqtay Gülalıyev məlumat verib.
«Gəncə hadisələri ilə əlaqədar həbs olunmuş Şahin Verdiyev üzləşdiyi iztirablara dözməyərək infarkt keçirib. Bizə verilən məlumata görə, onun bədəni göyərib, danışığını itirib, güclü ağrıları var», – hüquq müdafiəçisi bildirib.
Bu xəbəri Ş.Verdiyevin bacısı Nigar Verdiyeva da təsdiqləyib. O, AzadlıqRadiosuna bildirib ki, qardaşı Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasında saxlanılır. Aprelin 26-da ailə üzvləri ilə telefonla danışarkən durumunun yaxşı olmadığını, kürək nahiyəsində göyərmələr yarandığını deyib: «Dedi ki, həkim baxıb, sistem köçürürlər, yəqin ekspertizaya göndərəcəklər. Aprelin 29-da zəng eləyəndə demək olar, danışa bilmirdi. Çətinliklə izah elədi ki, mikroinfarkt keçirib, bədəninin sol tərəfi quruyub, dili tutulub, ağrıları var, vəziyyəti pisdir. Axşam saatlarında xəbər gəldi ki, onu Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüblər. Üç gün təcridxanada yardım göstəriblər, vəziyyəti düzəlmədiyinə görə köçürüblər».
«Qardaşıma iki dəfə elektroşok verilib»
N.Verdiyeva deyir ki, qardaşı Gəncədə sabiq icra başçısı Elmar Vəliyevin güllələnməsindən sonra iyulun 10-da keçirilən aksiya vaxtı kameraya düşdüyünə görə saxlanılıb. Ş.Verdiyevin həbsinin ilk günlərində Gəncə Şəhər Nizami Rayon Polis Şöbəsində işgəncələrə məruz qaldığını söyləyən N.Verdiyevanın sözlərinə görə, məqsəd ona törətmədiyi cinayət barədə etirafedici ifadələrə imza atdırmaq olub. Bacısının fikrincə, Ş.Verdiyevin səhhətindəki problemlər həmin işgəncələrin nəticəsidir: «Gəncə hadisələrinə görə həbs olunanların demək olar ki, hamısı ağır işgəncələrə məruz qalıb, o cümlədən də mənim qardaşım. Qardaşıma iki dəfə elektroşok veriblər, özündən gedib. Bunun şahidi də var – Asif Cavadov. Onlara eyni otaqda işgəncə veriblər. Asif məhkəmədə dedi ki, Şahinin əllərini qandallayıb, onu stula bağlayıb, başına vurublar, elektroşok veriblər. Onlara olmazın işgəncələr veriblər. Elə vəziyyətə düşüblər ki, təcili yardım çağırmaq məcburiyyətində qalıblar. Polislərdən biri deyib ki, heç təcili yardım çağırmayın, buraxın, ölsün. Həmin işgəncələrin fəsadlarıdır bu gün olanlar…».
Ş.Verdiyevin durumu və saxlanma şəraiti barədə sualı cavablandıran Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov bildirib ki, məhkumların yerdəyişməsi (hara köçürülməsi) barədə məlumatlar açıqlanmır:
«Saxlanılan şəxslərin səhhəti ilə bağlı məsələ isə Tibb Baş İdarəsinin səlahiyyətindədir».
Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov AzadlıqRadiosuna deyib ki, infarkt halı olmayıb, təzyiqi yüksəlib, amma hazırda durumu stabilləşib: «Ola bilsin, yaxınları düzgün başa düşməyib. Təcridxanada da ona lazımi tibbi yardım göstərilib. Orada da vəziyyəti normallaşacaqdı. Müalicə Müəssisəsinə köçürülüb ki, orada imkanlar daha genişdir, mütəxəssislər ətraflı müayinə eləsinlər. Hazırda həyati təhlükəli hal yoxdur, vəziyyəti stabildir».
Daxili İşlər Nazirliyi isə saxlanılan şəxslərin polis şöbəsində işgəncəyə məruz qalması barədə iddialara cavab verməyib. Amma, bir qayda olaraq, nazirlik polis orqanlarında saxlanılan şəxslərə işgəncə verilməsi barədə iddiaları təkzib edir.
dle